» » Azərbaycanın su dərdi...


Azərbaycanın su dərdi...

Bölmə: Problem
Azərbaycanın su dərdi...


Paytaxtla yanaşı ölkənin regionları da fasiləsiz su təminatının olmamasından əziyyət çəkir Bu sahəyə yatırılmış milyardlarla investisiya gözlənilən bəhrəni niyə verməyib?
Azərbaycan azsulu ölkə sayılır. Xüsusilə, əkin sahələrinin suvarılmasında ciddi su qıtlığı müşahidə olunur. "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə Nazirlər Kabinetinin son iclasında bu haqda məlumat verərkən bildirdi ki, Taxtakörpü və Şəmkirçay su anbarlarının istismara verilməsi ilə 200 min hektardan artıq əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və 47 min hektar yeni suvarılan torpaqların istifadəyə verilməsinə, əhalinin içməli su ilə təmin edilməsinə və əlavə elektrik enerjisinin alınmasına imkan yaranıb.

"Son illərdə yay mövsümündə Samur sərhəd çayında su ehtiyatlarının kəskin azalmasına baxmayaraq, ölkəmizin su təhlükəsizliyi sahəsində strateji əhəmiyyətə malik olan Taxtakörpü su anbarında toplanan su hesabına Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının əhalisinin, sənayesinin və kənd təsərrüfatının su təminatında yarana biləcək çətinliklərin qarşısının alınması mümkün olub",- deyə Ə.Əhmədzadə qeyd edir.

ASC sədri əlavə edib ki, kənd təsərrüfatı məhsullarının ekstensiv yollarla inkişafına nail olmaq məqsədi ilə su ehtiyatları nəzərə alınmaqla son illərdə inşa olunmuş su anbarları zonasında başlanılmış işləri, eləcə də yeni layihələr əsasında tikinti və kompleks meliorativ tədbirləri davam etdirməklə əlavə olaraq 280 min hektardan artıq yeni suvarılan torpaq sahəsini əkin dövriyyəsinə daxil etmək və 350 min hektar sahənin su təminatını yaxşılaşdırmaq olar. Eyni zamanda, Böyük Qafqazın dağ çaylarında tikintisi nəzərdə tutulmuş su anbarlarından əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi ilə yanaşı, Oğuz-Qəbələ-Bakı su kəmərinə əlavə su verilməsi mümkün olacaqdır: "Bütün bunlarla yanaşı, kənd təsərrüfatı məhsulları istehsalının intensiv yollarla artırılması, sudan və torpaqdan daha səmərəli istifadə edilməsi məqsədi ilə sistemin müasir tələblər səviyyəsinə uyğun modernləşdirilməsi, torpaq məcralı kanalların beton üzlüyə alınması, kollektor-drenaj şəbəkələrinin, nov kanalların və hidrotexniki qurğuların təmir-bərpa edilməsi, yeni mütərəqqi suvarma üsullarının tətbiqi üçün böyük həcmdə işlərin görülməsi tələb olunur".

Qeyd edək ki, Azərbaycan içməli və suvarma üçün tələbatını ödəmək üçün uzun dövrdür ki, böyük investisiyalar cəlb edib. Amma ASC sədrinin fikrindən aydın olur ki, problemin heç yarısı həll olunmayıb. Məsələn, Taxtakörpü su anbarının tərkibinə daxil olan Samur-Abşeron suvarma sisteminin yenidənqurulmasına 30 iyun 2016-cı il tarixinə Dövlət Neft Fondundan 1,3 milyard manat xərclənib. Tikinti işləri davam etməkdədir.

"Azərsu" ASC Oğuz-Qəbələ-Bakı su kəmərinə isə 780 milyon manat sərf edib. Lakin Abşeron yarımadasını hələ fasiləsiz su ilə təmin edə bilməyib. Bakının ətraf rayonları, yeni fərdi yaşayış massivləri artezian quyularından istifadə edirlər. Hətta "Azərsu"nun "fasiləsiz" dedikləri yaşayış massivlərində tam gücü ilə suyun verilməsindən söhbət belə gedə bilməz.

Ekspertlər bildirirdilər ki, Oğuzdakı yeraltı su mənbələri Oğuz-Qəbələ Bakı kəmərini təmin edəcək gücdə deyil, kəmərin bir müddət çalışması nəticəsində yeraltı suların quruması baş verər və ərazi üçün ekoloji problemlər yarada bilər.

Layihələndirmə zamanı, Oğuz-Qəbələ-Bakı su kəmərində sutkalıq suyun verilişi 5 kub/metr nəzərdə tutulurdusa, hazırda bu rəqəm 2 kub/metrə ancaq çatdığı bildirilir. Səbəb kimi kəmər ətrafı kəndlərdə ekoloji fəlakətin yaşandığını, bəzi ərazilərdə quraqlığın yarandığını, yeraltı suyun azaldığını göstərirlər.

Bununla bağlı araşdırmalar aparan Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının ekspertləri bildirir ki, hazırda Bakıda əhali artdığından köhnə infrastrukturun normadan az qala iki dəfə artıq yüklənməsi şəhərin su təchizatı sistemində çətinliklər yaradıb. Araşdırmaçılar qeyd edirlər ki, ötən əsrin ortalarından etibarən müxtəlif beynəlxalq maliyyə qurumlarının, xüsusilə Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyə dəstəyi ilə Bakının su təchizatı sistemini yaxşılaşdırmaq üçün kifayət qədər böyük həcmli vəsaitlər ayrılıb: "Bakının su şəbəkəsinin yenidən qurulması istiqamətində atılan addımlar paytaxt sakinlərinin içməli su təminatında əhəmiyyətli dəyişikliklərə gətirib çıxarmayıb".

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaydığı məlumata görə, hazırda ölkə üzrə suya tələbatı fasiləsiz ödənilənlərin sayı 60 faiz təşkil edir. Amma Bakının fasiləsiz su alan hissəsi heç 50 faiz deyil. Halbuki, Oğuz-Qəbələ-Bakı su kəməri tikilən zaman paytaxt sakinlərinin 85 faizinin fasiləsiz su ilə təmin olunacağı qeyd edilirdi.

Paytaxta daxil olan Şollar, II Bakı su kəməri, I Kür su kəməri, II Kür su kəməri və Ceyranbatan su kəməri və Oğuz-Qəbələ Bakı ilə birlikdə saniyədə təxminən 30 kub/metrə yaxın su ötürüldüyü göstərilir. Amma əldə etdiyimiz məlumata görə, bütün bu mənbələr üzrə ötürülən su heç 20 kub/metr saniyəyə çatmır.

İndi Əhməd Əhmədzadənin fikrindən aydın olur ki, Samur-Abşeron kanalı tam yenidən qurulandan sonra Oğuz-Qəbələ Bakı su kəmərinin paytaxtdakı "gözlənilməz" itkilərini qarşılamaq mümkün olacaq. Kəmərə xərclənən səmərəsiz vəsaitə, sakinlərə dəyən mülki və ekoloji zərərə görə kimsə məsuliyyətə cəlb olunmayacaq.

Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının apardığın monitorinqlər zamanı məlum olmuşdu ki, kəmərin tikintisi zamanı bu torpaqların münbit qatının çıxarılması işləri aparılmayıb və nəticədə torpaqların münbit qatı birdəfəlik olaraq sıradan çıxarılaraq itirilib: "Su kəməri bir neçə yerdə meşə massivlərini kəsərək keçib və meşə fonduna əhəmiyyətli ziyan vurulub. Lakin meşə fondunun bərpası üçün tədbirlərin müəyyən edilməsinə və vəsaitin ayrılmasına baxmayaraq bu işlər həyata keçirilməyib.

Kəmərboyu ərazilərdə drenaj sisteminin pozulması əhaliyə məxsus torpaq sahələrinin su ilə dolmasına və bataqlıqlaşmasına səbəb olur ki, bu da öz növbəsində yerli əhalinin əsas gəlir mənbəyi olan fındıq bağlarının quruması ilə nəticələnir.

Oğuz rayonu ərazisində əhalinin içməli su mənbəyi olan 30 artıq bulaq və artezianlar quruyub". dle