» » FES dolları bahalaşdıracaq; Bəs manatımızın taleyi necə olacaq?


FES dolları bahalaşdıracaq; Bəs manatımızın taleyi necə olacaq?

Bölmə: Problem
FES dolları bahalaşdıracaq; Bəs manatımızın taleyi necə olacaq?

Ekspertlər milli valyutanın ucuzlaşacağını, Neft Fondunun ehtiyatlarının isə dəyər qazanacağını bildirirlər...

ABŞ-ın Federal Ehtiyat Sistemi (FES) yenidən dolları bahalaşdırmaq niyyətini açıqlayıb. İyun ayında ABŞ-da qeyri-aqrar sahədə 287 min və ya proqnozlaşdırılandan 107 mindən çox yeni iş yeri açılmasından sonra FES rəsmiləri uçot dərəcəsi ilə bağlı fikirlərini bölüşüb. Kanzas ştatının FES rəhbəri Ester Corc (Esther George) uçot dərəcəsinin olduqca aşağı olduğunu deyib. “Uçot dərəcəsinin mərhələli şəkildə artırılmasının tərəfdarıyam.

Bu, risklərin minimuma endirilməsinə yardım edəcək. Arxada qoyduğumuz illər ərzində iqtisadiyyatımız rəqabətqabiliyyətli olduğunu sübut etdi”,- deyə E.Corc qeyd edib. FES rəsmisi əmək bazarındakı son statistikanı olduqca müsbət qarşılayıb: “İşsizliyin səviyyəsi normaya olduqca yaxındır”.

Bildirilir ki, bu il iki iclasda uçot dərəcələrini artırmaq barədə qərar verə bilər. Filadelfiya ştatının Federal Ehtiyat Bankının (FEB) sədri Patrik Xarker qeyd edib ki, inflyasiya hədəf səviyyəsinə, yəni 2 faizə gələn il çatacaq: “Buna görə də mən hesab edirəm ki, FES bu ilin sonuna qədər iki dəfə faiz artırmağa məcbur qalacaq”. O, həmçinin 2018-ci ilin sonuna qədər ABŞ-da uçot dərəcələrinin 3 faizə yaxınlaşacağını bildirib. P.Xarkerin fikrincə, ABŞ əmək bazarında artım sürəti yavaşlayıb, bununla bərabər qlobal risklər artıb.(musavat)Belə ki, “Brexit” nəticəsində qlobal bazarlarda dalğalanmalar yaşanıb. Məhz bu səbəbdən FES uçot dərəcəsi faizlərini artırmağa cəhd etsə də xarici faktorlar buna mane olub və bu proses davam edir. Bankir “Brexit”in qeyri-müəyyənliyə səbəb olduğunu bildirsə də, onun ABŞ iqtisadiyyatına təsirinin zəif olacağını ehtimal etdiyini qeyd edib. Filadelfiya FEB sədri, “Brexit”in risk faktoru olaraq aşağı sıralarda yer aldığını, qısa zamanda ÜDM-ə mənfi təsirinin, sadəcə 0,2 bənd olacağını söyləyib. P.Xarker ABŞ iqtisadiyyatının bu il 2 faiz, qarşıdan gələn iki ildə isə müvafiq olaraq 2,3 faiz artacağını proqnozlaşdırıb.

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin direktoru Canet Yellen isə Filadelfiyada keçirdiyi mətbuat konfransında bəyan edib ki, uçot dərəcələri artırılmalıdır. Bununla belə, C.Yellen dəqiq tarix açıqlamayıb. Onun sözlərinə görə, 2-ci rübdə ABŞ-da ümumi daxili məhsulun artım tempi yüksək olacaq. Qeyd edək ki, ABŞ-da ilk rübdə iqtisadi artım 0,8 faiz təşkil edib.

Çin Mərkəzi Bankının (PBOC) sədr müavini Yi Gang, FES-in faiz artırmasının Çin iqtisadiyyatı üçün yaxşı olduğunu, tələbatın artması və ABŞ iqtisadiyyatının toparlandığı siqnalı olduğunu ifadə edib. Y.Gang Çinin ABŞ-ın faiz artımı qarşısında pul siyasətini hazırlamaq üçün bol vaxtı olduğunu bildirib və o, belə bəyanatı ilə FES-in faiz artırmasından qaynaqlana biləcək xarici təsirlərlə bağlı narahatlıqları azaldıb. Linin açıqlamasından əvvəl də bəyanatlar verən FES sədri Janet Yellen, iqtisadiyyatın digər bir faiz artımına hazır olması üçün kifayət qədər yaxşılaşacağına əmin olduğunu bildirmişdi. Yi rəsmilərin mütəmadi olaraq pul siyasətini təkmilləşdirəcəyini və daha təsirli ola biləcəyinə toxunaraq, PBOC ilə FES arasındakı ünsiyyətin yaxşı olduğunu deyib. O, FES-in faiz artırmasının dolların güclənməsini təmin edəcəyini və bunun sərmayənin ABŞ-a geri qayıtması ilə nəticələnəcəyini, bunun da inkişaf edən ölkələrin pullarının zəifləməsini təmin edəcəyini bildirib: “Bir çox insan kapital axınlarına dair narahatlıq keçirir. Gələcəkdə sual FES-in faiz artırımlarının tempi və şiddəti barədə olacaq”.

Yerli ekspertlər isə dolların bahalaşmasının manata gözlənilən təsirindən danışıblar. Ekspert Əkrəm Həsənov bildirib ki, faiz artımı ilin sonuna qədər mütləq baş verəcək: “İstənilən halda FES faiz artımına gedəcək. Bu da bütün dünyada dolları bahalaşdıracaq. Bizdə onsuz da dolların bahalaşmasının digər amilləri də var. Amma eyni zamanda, bütövlükdə bütün dünyada da dolların məzənnəsi artacaq. Bu da neftin qiymətinin enməsinə aparacaq”.

Ekspert Qubad İbadoğlu isə bildirib ki, FES-in uçot dərəcəsini artırmasının manata birbaşa təsirindən söhbət gedə bilməz: “Azərbaycanın xarici ticarətində əsas alqı-satqı vahidi dollardır. Amma istənilən halda Azərbaycanla ABŞ arasındakı investisiya əməkdaşlığı, xarici ticarət əlaqələri o qədər də yüksək deyil. Lakin nəzərə almaq lazımdır ki, FES-in qərarında iki təsirdən söhbət gedə bilər. Bir tərəfdən, dolların hökmran mövqeyi bir az da möhkəmlənir və bu, Azərbaycanın Dövlət Neft Fondunun xüsusilə dollarla olan vəsaitlərinin dəyərini artıracaq. Neft Fondu dollarla olan vəsaitlərin məzənnə fərqindən müsbət gəlirlər əldə edəcək. Nəzərə alsaq ki, Neft Fondunun 25 faiz vəsaitləri dollarladır. Amma ölkənin valyuta bazarı çox həssasdır, çox kövrəkdir. Burada müsbət təsirlərdən danışmağa dəyməz. Manata etibar azalıb. Xüsusilə də dollar ABŞ-da qalxdıqca, burada manat qeyb olur. Manata psixoloji təsirləri olacaq. Valyuta bazarında manata olan təzyiq daha da artacaq”. dle