» » Musiqili Teatr Beynəlxalq festivala gedir


Musiqili Teatr Beynəlxalq festivala gedir

Bölmə: MƏDƏNİYYƏT
Musiqili Teatr Beynəlxalq festivala gedir
Musiqili Teatr Beynəlxalq festivala dəvət alıb

Azərbaycan Dövlət Musiqili Teatrı daha bir Beynəlxalq festivala dəvət olunub. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu Bizimyl.info-ya bildirib ki, söhbət Türkiyə Cümhuriyyətində təşkil olunan 18-ci Trabzon Beynəlxalq Qara dəniz Teatr Festivalından gedir.

Hər il bir çox dünya ölkələrinin qabaqcıl teatrlarının qatıldığı festival 2017-ci il 2-15 may tarixlərində Trabzon şəhərində baş tutacaq. Festivalın əsası 2000-ci ildə Türkiyə Dövlət Teatrları Baş İdarəsi tərəfindən qoyulub.

“18-ci Trabzon Beynəlxalq Qara dəniz Teatr Festivalına dəvət edilməyimiz bizim üçün çox xoş oldu. Söhbət Almaniya, Ukrayna, Yunanıstan, Rusiya, İran, Gürcüstan, Fransa, Moldova, Çin Xalq Respublikası, Sloveniya, Makedoniya, Serbiya və s. bu kimi ölkələrin teatrlarının qatıldığı çox nüfuzlu bir festivaldan gedir. Xalqlar, millətlər, dövlətlər arasında sülh, dostluq və qardaşlığın təbliği məqsədilə keçirilən festival çox rəgarəng və zəngin proqrama malikdir. Belə ki, festival çərçivəsində müxtəlif tədbirlər – həmrəyliyin nümayişi olan iştirakçıların şəhərdə yürüşü, dünyanın məşhur rejissor və dramaturqları ilə görüşlər, ustad dərsləri, konfranslar, sərgilər təşkil olunur. Azərbaycanı bu nüfuzlu festivalda təmsil etmək bizdə qürur doğurur. Bundan öncə - təqribən bir ay əvvəl – ilin ilk günlərində bizim teatr İran İslam Respublikasında keçirilən 35-ci Fəcr Beynəlxalq Teatr Festivalında uğurla iştirak etdi. Orda biz dahi Üzeyir Hacıbəylinin məşhur “Ər və arvad” iki hissəli musiqili komediyasını nümayiş etdirdik. Çıxışımız o qədər böyük marağa səbəb oldu ki, Təbriz sakinlərinin xahişi ilə istisna olaraq biz “Ər və arvad” tamaşası ilə ikinci dəfə çıxış eləməli olduq. Teatrımızın üç üzvü 35-ci Fəcr Beynəlxalq Teatr Festivalının mükafatına layiq görüldü. Əməkdar artistlər Nahidə Orucova “Ən yaxşı qadın rolunun ifaçısı”, Ələkbər Əliyev və Əkbər Əlizadə isə “Ən yaxşı kişi rolunun ifaçısı” nominasiyası üzrə qalib oldular. İnanıram ki, 18-ci Trabzon Beynəlxalq Qara dəniz Teatr Festivalında da ölkəmizi layiqincə təmsil edəcəyik”, - deyə Azərbaycan Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev bildirib. dle