» » Türkiyə mediası Naxçıvandan yazdı:"Bu, Nuhun dünyaya açdığı qapıdır"


Türkiyə mediası Naxçıvandan yazdı:"Bu, Nuhun dünyaya açdığı qapıdır"

Bölmə: MƏDƏNİYYƏT, Manşet
Türkiyə mediası Naxçıvandan yazdı:"Bu, Nuhun dünyaya açdığı qapıdır"

Bu dəfə Türkiyədə 100 min tirajla nəşr olunan “Yeni Birlik” qəzeti Naxçıvanın turizm potensialından yazıb. Məqalənin müəllifi Hakan Dikmən Naxçıvanı macəra, sağlamlıq və dini turizmin, tarixi və təbiət gözəlliyinin mərkəzi adlandırır.

2016-cı ilin yanvar-noyabr aylarında muxtar respublikaya 328 min 213 nəfər turistin gəldiyini diqqətə çatdıran müəllif Naxçıvanın turizm dünyasındakı haqqı olan yeri qazanmasının vacibliyini bildirir.

Muxtar respublika ərazisində 30 yaxın muzey və muzeytipli müəssisə, 1200-dən artıq tarixi-mədəni abidənin olduğunu qeyd edən Hakan Dikmən daha çox Türkiyə, İran, Rusiya, Çin, Nigeriya, Almaniya, ABŞ, Braziliya, Kanada, İndoneziya, Yaponiya və İsveçrədən turistlərin səfər etdiyini oxucuların diqqətinə çatdırır.

Bronxial-astma xəstələrini Naxçıvandakı Duzdağına dəvət edən müəllif mərkəzin imkanlarından da bəhs edir: "Təbii Duzdağ mağarası bura pənah gətirənlərin ümid yeridir. Bu günə qədər 40 mindən çox bronxial-astma xəstəliyindən əziyyət çəkənlərin 90 faizi sağlamlığına qovuşub. Dünyada tək olan bənzərsiz Düzdağ mağarasında havanın temperaturu fəsildən asılı olmayaraq 18-20 dərəcədir. Naxçıvan şəhərindən 14 km məsafədə yerləşən Duzdağ Fizioterapiya Mərkəzi hər gün yüzlərlə xəstə qəbul etmək imkanına malikdir".

Daha sonra Hakan Dikmən diqqəti Əshabi-Kəhf dini-mədəni abidə kompleksinə çəkir. Dünyanın bir çox yerində bu ada rast gəlinsə də, müəllif islamın müqəddəs kitabı Qurani-Kərimin 9-27-ci ayələrində adı keçən Əshabi-Kəhfin məhz Naxçıvan ərazisində olduğunu qeyd edir.

XII əsrin yadigarı Mömünə Xatun türbəsini bir qadının şərəfinə ucaldılan böyük abidə kimi dəyərləndirən müəllif abidənin memarlıq baxımından çox zəngin olduğunu xüsusilə vurğulayır.

Naxçıvanın Nuh peyğəmbərin vətəni olduğunu bildirən Hakan Dikmən bir çox yer adlarının da məhz Nuh peyğəmbərlə bağlı olduğunu, Naxçıvan sözünün etimologiyasının “Nuh çıxan” olduğunu tarixi qaynaqlara istinadən oxucularının nəzərinə çatdırır: "Əfsanəyə görə, dünya tufanı zamanı Həzrəti Nuh peyğəmbərin gəmisi Naxçıvan ərazisindəki Haçadağa toxunmuş, Qapıcıq zirvəsinə yaxın dağ ətəyində lövbər salmışdır. Bu zirvəyə Qapıcıq adı təsadüfi verilməyib. Bu qapı Nuhun tufandan qurtulub dünyaya açdığı dünya qapısıdır".

Xan sarayı Dövlət Tarix-Memarlıq, Mömünə Xatun və Açıq Səma altında muzey kompleksindən, Naxçıvan Dövlət Xalça muzeyindən və Qarabağlar türbə kompleksindən bəhs edən müəllif Naxçıvanın 5000 illik şəhər mədəniyyətinə malik olduğunu vurğulayır…

Ruhiyyə Rəsulova

Naxçıvan Televiziyasının baş redaktoru dle