» » Politoloq: “Azərbaycanın əleyhinə artıq Rusiyada ciddi hadisələr baş verir”


Politoloq: “Azərbaycanın əleyhinə artıq Rusiyada ciddi hadisələr baş verir”

Bölmə: ARAŞDIRMA
Politoloq: “Azərbaycanın əleyhinə artıq Rusiyada ciddi hadisələr baş verir”
Natiq Miri: “ÜAK-nin ləğv edilməsinin arxasında konkret siyasi maraqlar durur”

“Yeni silahların Rusiya tərəfindən Ermənistana verilməsi məsələsini də, ÜAK-nin ləğv edilməsinin bir növ davamı kimi dəyərləndirmək olar”.

Bu fikirləri Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri son zamanlar Rusiya ilə Azərbaycan arasında yaranan gərginliklərin səbəblərini PİA.AZ-a şərh edərkən deyib.

Xəbər verdiyimiz kimi son zamanlar Rusiya ilə Azərbaycan arasında gərginlik hiss olunmaqdadır. Bu gərginlik mayın 15-də Rusiya Federasiyasının Ali Məhkəməsi Ümumrusiya Azərbaycan Konqresinin ləğvini təsdiqləməsi ilə başladı. Azərbaycan rəsmiləri ÜAK-ın ləğvinə qarşı tənqidi bəyanatlar versə də, növbəti addımlarını şərh etmirlər. Azərbaycanın Xarici İşlər Nazirliyi isə Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) məhkəmə hökmü ilə qeydiyyatının ləğvi barədə qərarın təəssüf və təəccüb doğurduğunu bildirir. Eyni zamanda qeyd edildi ki, ÜAK-in ləğv edilməsi Rusiya Erməniləri İttifaqına tam dəstəyin verilməsi Rusiya Federasiyasının erməni və azərbaycanlı millətindən olan vətəndaşlara qarşı qeyri-tarazlı münasibətin təzahürü kimi qəbul edilə bilər - bu da Dağlıq Qarabağ nizamlanmasında Rusiyanın vasitəçilik roluna mənfi təsir göstərə bilər.

Həmçinin Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarovanın da Azərbaycana qarşı sərt və bəzən də təhqiramiz sözlərdən istifadə etməsidə bu gərginliyin yüksək səviyyədə olduğunu göstərməkdədir. Bəs Rusiya ilə Azərbaycan arasında gərginlik sırf ÜAK-nin bağlanması ilə əlaqədardı, yoxsa başqa və daha ciddi səbəblər var? Həmçinin Kreml Azərbaycanın Avropa birliyi ilə danışıqlarından qıcıqlana bilərmi və gərginliyin əsas səbələrindən biri də rəsmi Bakının Avropa Birliyi ilə apardığı danışıqlar ola bilərmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miriyə müraciət edib.
Politoloq: “Azərbaycanın əleyhinə artıq Rusiyada ciddi hadisələr baş verir”
Natiq Miri: “ÜAK-nin ləğv edilməsi təkcə Lavrovun istəyi ilə olmayıb. Bu məsələ daha böyükdür və Kremlin rəhbərliyi də məsələni bilməmiş deyil”.

Politoloq qeyd edib ki, Azərbaycan-Rusiya münasibətlərindəki gərginliyin bir səbəbi də son Türkiyə-Azərbaycan hərbi təlimləridir. Çünki bu çür hərbi təlimlərin keçirilməsindən Rusiya anlayır ki, bu həm Rusiyaya, həm də Ermənistanın havadarlarına bir mesajdır. Yəni bütün bu hadisələr kompleks olaraq düşünülməlidir:

“Bildiyimiz kimi Mariya Zaxarova rusiya xarici işlər naziri, erməni əsilli Sergey Lavrovun sözcüsüdür və bilavasitə onun diktəsi ilə fəaliyyət göstərir. Zaxarovanın anti-Azərbaycan və sərt ritorikası da təxminən bu konteksdə dəyərləndirilməlidir. Çünki hamıya məlum olduğu kimi Rusiya avtoritar ölkədir. Hər hansı bir nazirliyin sözçüsü də müstəqil şəxs deyil ki, o özünün bilavasitə hansısa ölkəyə, ya da vətəndaşlara münasibətini sərbəst şəkildə ortaya qoya bilsin. Buna görə düşünürəm ki, Zaxarovanın çaldığı musiqilərin sifarişçisi Lavrovdur. Təbii ki, bu heç də Azərbaycan və Azərbaycan mediya qurumları cəmiyyəti üçün xoş deyil və bu cür sözlər Azərbaycan-Rusiya münasibətlərinə müəyyən gərgin notlar daşıyır.

Hətta dünən Rusiya xarici işlər nazirinin müavini ÜAK-nin ləğv edilməsi ilə bağlı müəyyən yumşaldıcı açıqlamalar verdi. Əslində xarici işlər nazirinin müavinin bu açıqlaması Zaxarovanın yaratdığı gərginliyi bir növ yumşaltmağa hesablanmışdır. Doğrudur Vasiliy Nebenzya vurğuladı ki, ÜAK-nin ləğv edilməsi siyasi hadisə deyil, hüquqi bir hadisədir. Amma bütün Rusiya Xarici İşlər Nazirliyi və rəsmilərinin açıqlamalarına rəğmən görsənir ki, ÜAK-nin ləğv edilməsi bilavasitə siyasidir və bunun arxasında konkret siyasi maraqlar durur. Son zamanlar Azərbaycan Hakimiyyəti səviyyəsində göstərilən təpkilər də, bu prosesin arxasında məhz erməni nazir Lavrovun durduğu görsədir. Onu da qeyd edim ki, ÜAK-nin ləğv edilməsi təkcə Lavrovun istəyi ilə olmayıb. Mən düşünürəm ki, bu məsələ daha böyükdür və Kremlin rəhbərliyi də məsələni bilməmiş deyil.

Natiq Miri: “Rusiya-Azərbaycan gərginliyin səbələrindən biri də rəsmi Bakının Avropa Birliyi ilə apardığı danışıqlar ola bilər. Amma bu əsas səbəb deyil”.

Son zamanlar təkcə ÜAK-nin ləğvi ilə bu proseslər məhdudlaşmır. Yəni Azərbaycana yönəlik, Azərbaycanın əleyhinə artıq Rusiyada bir çox hadisələr baş verir. Bu konteksdə Ermənistanda da Azərbaycana qarşı həm sərt ritorika, həm də hərbi təxribatlar çoxalıb. Hətta ÜAK-nin ləğvindən sonra Azərbaycan Dağlıq Qarabağ hava məkanını nəzarətinə almaq istəyən Ermənistan ordusuna məxsus “OSA” zenit raket kompleksini məhv etdi. Bu hadisədən dərhal sonra dünən informasiya yayıldı ki, Rusiya pulsuz şəkildə havadan müdafiə sistemlərini Ermənistana peşkəş edəcək. Mən düşünürəm ki, bu informasiyanın bilavasitə Azərbaycanın Ermənistan ordusunun zenit raket sistemini məhv etməsi ilə bağlılığı var. Həmçinin yeni silahların Rusiya tərəfindən Ermənistana verilməsi məsələsini də, ÜAK-nin ləğv edilməsinin bir növ davamı kimi dəyərləndirmək olar. Ard-arda baş verən bu hadisələr qətiyyən təsadüf hesab oluna bilməz və bütün bunların hamısı Azərbaycana siyasi təzyiq olaraq düşünülür.

Əlbəttə, Rusiya-Azərbaycan gərginliyin səbələrindən biri də rəsmi Bakının Avropa Birliyi ilə apardığı danışıqlar ola bilər. Amma bu əsas səbəb deyil. Çünki Azərbaycanın Avropa Birliyi ilə danışıqları hələ payız ayına qədər davam edəcək və bir növ strateji müqavilənin üzərində hər iki tərəf birgə komissiya ilə işləyir. Hələlik bu müqavilənin imzalanıb, imzalanmayacağı yaxud da Azərbaycana konkret hansı şərtlər əsasında sazişin imzalanmasının tələb edilməsi birmənalı bəlli deyil. Ancaq onu da etiraf etmək lazımdır ki, Azərbaycan və Qərb, xüsusilə də Avropa Birliyi arasında bu inteqrasiya hadisələri təbii ki, Rusiyanı məmnun etmir və qıcıqlandırır. Çünki Rusiya bütün zamanlarda Azərbaycanı öz orbitində istəyir. Ayrıca bu münasibətlərə təsir edən məsələlərdən biri də son Türkiyə-Azərbaycan hərbi təlimləridir. Çünki bu çür hərbi təlimlərin keçirilməsindən Rusiya anlayır ki, bu həm Rusiyaya, həm də Ermənistanın havadarlarına bir mesajdır. Yəni bütün bu hadisələr kompleks olaraq düşünülməlidir.

Həm də Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsinin bir səbəbi də Azərbaycanda referendumun keçirilməsi və referendumdan doğan bəzi nəticələri də gözardı hesab etmək lazım deyil. Burada söhbət vitse-prezident institunun yaradılmasından, birinci vitse-prezident təyinatından və bu konteksdə bəzi struktur dəyişikliklər təbii ki, Rusiyanı məmnun etmir. Çünki bu struktur dəyişiklikləri Rusiyanın Azərbaycanın hakimiyyətində olan “beşinci kalon”u müəyyən mənada sıxışdırır. Buna görə də bu məsələni də qətiyyən gözardı etmək olmaz”. dle